GECƏLƏR AY OLMAQ İSTƏYİRƏM MƏN
Əliağa KÜRÇAYLI
Gecələr ay olmaq istəyirəm mən
Pərdəli-pərdəsiz pəncərələrdən
Dolmaq istəyirəm neçə otağa
Mən neçə süfrəyə, neçə çırağa
Baxmaq istəyirəm hamıdan pünhan
Səma tağlarının ucalığından.
Gecələr ay olmaq istəyirəm mən
Şirin laylaları ana dilindən
Ana dodağından eşidim deyə
Mən ağlı-qaralı neçə taleye
Baxmaq istəyirəm ağarınca dan
Səma tağlarının ucalığından.
Gecələr ay olmaq istəyirəm mən
Bir günlük işindən qayıdıb gələn
Qabarlı əlləri öpmək eşqinə
Yorğun röyaların şirinliyinə
Keşik çəkmək üçün sakit, mehriban
Səma tağlarının ucalığından.
Gecələr ay olmaq istəyirəm mən
Sevən ürəklərin məhəbbətindən
Səma ucalıqda pay almaq üçün
Ən yüksək qübbəyə ucalmaq üçün
Ordan nur səpərəm mən incə-incə
Bu ana torpağa dan sökülüncə.
Nahaq yaranmayıb bu arzu məndə
Bəzən gecələrin sakitliyində
İnsan öz qəlbiylə edir həsb-hal
Keçir ürəyindən min arzu, xəyal
Bununçün ayrılıb öz xislətimdən
Gecələr ay olmaq istəyirəm mən.
http://tayyibatmaca.com/images/belgeler/hecetaslaridergisi/hecetaslari28sayiOn5haziran2017.pdf
Yorum yazabilmek için lütfen Oturum Açın